Milli Məclisin gənclər və idman komitəsinin iclası keçirilib

Yanvarın 26-da Milli Məclisin gənclər və idman komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda 2017-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabat və 2018-ci ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edilib.

Komitə sədri Fuad Muradov məlumat verib ki, 2017-ci ilin payız sessiyası dövründə komitənin keçirdiyi iclaslarda “Bədən tərbiyəsi və idman haqqında” Qanunda dəyişikliklərin edilməsi barədə və bir sıra digər məsələlər müzakirə olunub.

Bu müddət ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 124 məktub, müraciət və sənədlər daxil olub. Müraciətlərdə müxtəlif istiqamətdə, o cümlədən, əhalinin sosial müdafiəsi, elm, təhsil, idman, mədəniyyət, əmək mübahisələri, özəlləşdirmə, maliyyə, mənzil problemləri, səhiyyə, ekologiya, vətəndaşlıq, təltif və bağışlanma ilə bağlı məsələlər əks olunub. Göstərilən məsələlərin bir çoxu qısa zamanda həll olunub, bəziləri qismən təmin edilib, bir sıra ərizələrə dair müvafiq izahatlar verilib, habelə baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilib.

Qeyd olunub ki, komitə üzvləri parlamentdə və yerlərdə seçicilərlə görüşlər keçirib, onları narahat edən məsələlərin həllində öz səylərini göstəriblər. Milli Məclisin deputatları, habelə xeyriyyəçilik məqsədilə aztəminatlı ailələrə məişət, sağlamlıq, maliyyə və digər problemlərin həllində yaxından köməklik ediblər.

Bildirilib ki, sessiya dövründə komitə üzvləri ölkə daxilində və beynəlxalq səviyyəli bir sıra tədbirlərdə iştirak ediblər. Komitə sədri, Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Fuad Muradov özünün qatıldığı qurumun Büro və plenar iclasları, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin toplantısı barədə danışaraq, bu tədbirlərin Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında əhəmiyyətli olduğunu deyib.

Diqqətə çatdırılıb ki, ötən sessiyada Milli Məclisin gənclər və idman komitəsi və Ukrayna Ali Radasının ailə məsələləri, gənclər siyasəti, idman və turizm komitəsi arasında gənclər və idman sahələrində əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Komitədə Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti ilə görüş və bir sıra digər tədbirlər keçirilib. Komitə üzvləri Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə keçirilən deputatlar və jurnalistlər arasında futbol turnirində iştirak ediblər.

Sonra Fuad Muradov 2018-ci ilin yaz sessiyası üçün iş planı barədə söhbət açıb. Bildirilib ki, komitədə “Gənclər siyasəti haqqında”, “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlara nəzərdə tutulan əlavə və dəyişikliklərə baxılacaq, “Bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi haqqında”, habelə səhiyyə komitəsi ilə birgə “Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihələri müzakirə olunacaq.

Nəzərə çatdırılıb ki, sessiya müddətində 2 Fevral – Gənclər gününə həsr olunmuş ictimai dinləmələr, fəal gənclər və gənclər təşkilatları ilə bir sıra görüşlər planlaşdırılır. Deputatlar Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların soyqırımının 100 illik ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəklər. Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı Sərəncamına uyğun olaraq, komitə üzvləri gənclər sektorunda maarifləndirmə işini həyata keçirəcəklər. Milli Məclisin deputatları ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbirlərə qatılacaqlar.

İclasda komitənin 2017-ci ilin payız sessiyasında fəaliyyəti yüksək qiymətləndirilib, 2018-ci ilin yaz sessiyasının işlər planı təsdiq edilib.