2015-ci il 4 dekabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN I SESSİYASI İCLASI
4 dekabr 2015-ci il.
F.Muradov.  Təşəkkür edirəm, Ziyafət müəllim.  Mən ilk öncə böyük etimada görə təşəkkürümü bildirirəm və inanıram ki, bizim Gənclər və idman komitəsi bu istiqamətdə öz ciddi töhfələrini verəcəkdir. Ziyafət müəllim, Siz çox düzgün vurğuladınız, bu, konseptual bir yanaşmadır. Mən hər iki komitəyə öz dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, vurğulamaq istəyirəm, bu, çox vacib məsələlərdən biridir. Ona görə, bizim  bəzi fikirlərimiz var, xahiş edirəm, onlara dözümlə yanaşasınız. Bahar xanım çox düzgün vurğuladı ki, bu qanun və bundan sonra qəbul edəcəyimiz qanunlar islama qarşı deyil. Cənab Prezident İlham Əliyev ilk liderlərdəndir ki, islamofobiya haqqında danışarkən islamın nə qədər dərin və barış rolu oynayan bir din olmasını vurğulamışdır. Mehriban xanım Əliyeva Avropa paytaxtlarında islam dininin təbliği, onun vacib  dəyərlərinin qorunub saxlanması üçün böyük işlər görmüşdür. Lakin bəzi mətbuat orqanları, bəzi partiyalar çalışırlar ki, bu qanunu Azərbaycan dövlətinin dinə, xüsusən də islama qarşı hansısa bir qanunvericilikdə dəyişiklik etməsi kimi qəbul etdirsinlər və bu fikri fəal şəkildə yayırlar. Halbuki bu hadisələrdə Azərbaycanda müxalif olan siyasi partiyaların düzgün,  dürüst fikirlərini görmədik. Bu da onu göstərir ki, onlar bu məsələyə Azərbaycanda nə qədər çox problem olsa, mənim üçün o qədər yaxşıdır prinsipi ilə yanaşırlar. Təbii ki, biz bunun qarşısını mütləq şəkildə almalıyıq. Biz Azərbaycan gənclərinin, Azərbaycan cəmiyyətinin sivil, dünyəvi ölkədə yaşamasını istəyirik. Bu istiqamətdə ölkəmiz çox böyük işlər görüb. Ona görə bu hadisələr, ümumiyyətlə, Azərbaycan dövlətçiliyinə  qarşı olan hadisələrdir. Mən əminəm ki, bu qanunlar, eyni zamanda, digər dinlərin də Azərbaycanda müxtəlif vaxtlarda müəyyən dağıdıcı fəaliyyət göstərməsinin, gənclərin mənşəyi bilinməyən təriqətlərə cəlb olunmasının qarşısını alacaqdır. Ona görə bu qanun çox vacibdir. Mən bunu dəstəkləyirəm.
Eyni zamanda, bir neçə təklifim var. Burada maddə 1.0.1-də “dini ekstremist fəaliyyət” göstərilir. Mən əlavə edərdim ki, onun təbliği  də qadağan olunmalıdır. Çünki biz sosial şəbəkələrdə bunu məhz təbliğat şəklində görürük və gənclərimizə də bu çox böyük təsir edir. Ümumiyyətlə, biz dini fanatizm, dini ekstremist təşkilatlarla bağlı istiqamətdə işləməliyik. Bu anlayışlar yeni də olsa, bəzi hallarda onların üzərində müəyyən qədər düşünmək olar. Eyni zamanda, xüsusi olaraq vurğulamaq istəyirəm ki, maddə 10-da, – bayaq burada vurğulandı, – həmin məlumat verən şəxslərin qorunması məsələsi qoyulmalıdır. Yəni hər hansı bir siyasi və ya milli ekstremist təşkilat fəaliyyət göstərirsə, təbii ki, bu haqda məlumat verən insan da öz həyatına və ailəsinə görə qorxa bilər. Ona görə o, dövlət tərəfindən qorunmalıdır. Bir çox ölkələrdə bu tətbiq olunur. Həmin şəxsin ailəsinin qorunmasını dövlət üzərinə götürməlidir.
Burada xüsusi əməliyyatlardan da söhbət getdi. Bu, yəqin, digər  qanunun predmetidir. Amma, eyni zamanda, mən vurğulamaq istəyirəm ki, bu gün Azərbaycan torpaqları işğal olunub. Bu əsl milli və etnik separatizmdir, həm də ekstremist fəaliyyətdir. Ona görə vaxt gələcək, bu yaxın zamanlarda biz orada xüsusi əməliyyatlar keçirəcəyik. Bir çox ölkələrdə xüsusi əməliyyatlar haqqında qanunvericilik var. Yəni həmin qanun həm dini ekstremizm, həm milli ekstremizm, – bayaq burada çox düzgün vurğulandı, – həm siyasi ekstremizm, həm də xüsusi əməliyyat haqqında qanundur. Amerika Birləşmiş Ştatlarında və bir çox Avropa ölkələrində bu qanun var, yəni o qanunun maddələrində dövlət qurumları, dövlət orqanları, ictimaiyyət, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri həmin əməliyyatlar zamanı özlərini necə aparmalıdırlar, çox aydın şəkildə yazılıb. Mən hər iki komitəyə bu qanuna görə təşəkkürümü bildirirəm. İnanıram ki, bundan sonra biz bu qanunun üzərində bəzi dəyişikliklər etməyə məcbur olacağıq. Buna baxmayaraq, bugünkü reallıq üçün bu çox vacibdir. Mən inanıram ki, millət vəkilləri bu qanun layihəsini dəstəkləyəcəklər. Diqqətinizə görə təşəkkür edirəm.