2015-ci il 3 aprel tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN XIV SESSİYASI İCLASI
3 aprel 2015-ci il.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mənim sualım var idi, İlyas müəllim bunu qismən vurğuladı. Amma burada məmurların yanaş-masından söhbət getmir. Biz qanunu müzakirə edirik, su-allarımız yaranır və sadəcə olaraq, o suallara cavab istəyirik.
Başqa yanaşma burada ondan ibarətdir ki, antiinhisar fəaliyyəti bazarın tənzimlənməsi üçün çox vacib bir məqamdır. Təbii ki, bu istiqamətdə qəbul olunan qanunlar da məhz qiymətlərin süni qaldırılmasının qarşısının alınması və rəqabət mühitinin düzgün təşkil olunması üçün lazımdır. Amma eyni zamanda, əsas məsələlər həll olunur. Ona görə Ziyad müəllimdən soruşmaq istərdim ki, bu dəyişikliyə zərurət nədən yaranıb? Nəyə görə biz məhkəmədə həll olunan məsələni müvafiq icra qurumuna həvalə etmişik? Köhnə variantda 1 faiz məbləği məsələsi var idi, yeni redaksiyada bu yoxdur. Nəyə görə əvvəl bu var idi, indi yoxdur? Təşəkkür edirəm.
***
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, təbii ki, bu çox vacib və lazımlı məsələdir və mən həm qanun müəlliflərinə, həm də dəstək göstərən insanlara öz təşəkkürümü bildirirəm. Əslində, bu sahə üzrə bizim hələ görəcək çox işimiz var. Biz Rəqabət Məcəlləsinə və digər məcəllələrə, qanunlara da baxmalıyıq. Çünki bəzi məsələlər, ola bilsin, üst-üstə düşür, bəzi məsələlər təkrar-lanır. Amma ümumi istiqamət, təbii ki, çox müsbətdir. Bir neçə maddəyə toxunmaq istəyirəm. Burada, ola bilsin, kimsə artıq bunu deyib, amma hər halda vurğulamaq istəyirəm ki, məktəb yanında reklamla bağlı məsələ çox ciddi məsələdir. Eyni zamanda, söhbət, təbii ki, qadağadan da gedə bilər. Amma müəyyən təcrübə var, reklamın məktəblərdən müəyyən məsafədə yerləşməsi daha məqbul olardı. Misal üçün, məktəblərin, universitetlərin qabaqlarında daha çox sintetik hazırlanan enerji içkilərinin reklamı gedir. Bu da alkoqol tərkibli olmasa da, bizim gənclərimizə, uşaqlarımıza çox ciddi təsir və problem yarada bilən bir içkidir. Ona görə xüsusi olaraq vurğulayıram, ali məktəblərin, ümumiyyətlə, uşaq və gənclərin olduqları yerlərdə bunu biz nəzərə alaq.
Eyni zamanda, telekommunikasiya ilə bağlı olan məsələ haqqında, Oqtay müəllim, Siz də bayaq vurğuladınız, bu çox ciddi bir məsələdir. Bizim həmkarlarımız da bu məsələni qaldırıblar. Əslində, mən çalışdım, bu məsələni araşdırım və onların, yəni telekommunikasiya operatorlarının son fikri ondan ibarət oldu ki, siz məhkəməyə müraciət edin. Əslində, yeniyetmənin və ya gəncin telefonuna gələn bu SMS-lər bir az çətin həll oluna bilən məsələdir. Ona görə də qanunda bu istiqamətdə sərt olan, – gələcəkdə biz başqa qanunlara da baxarıq, – müəyyən cəza mexanizmi mütləq şəkildə olmalıdır. Yəni şagirdin və ya tələbənin, ola bilsin, çox yaxşı başı çıxmır, müəyyən qədər müxtəlif tipli bu reklamları qəbul edir. Eyni zamanda, təşəkkür edirəm, biz 15-ci maddədə sosial reklamla bağlı vaxtı müəyyənləşdirdik. Bu çox vacib bir məsələdir. Yəni ümumi bir maddə var idi ki, sosial reklam lazımdır. Eyni zamanda da düşünürəm ki, biz bu qadağalara bir az diqqətlə yanaşmalıyıq, yəni reklamı istehsal edən, yayımlayan və yaxud reklamı hazırlayanlar da Azərbaycana vergi ödəyəcəklər. Biz elə şey fikirləşməliyik ki, onlara imkan yaransın. Ona görə bu qadağa məsələlərindən, düşünürəm ki, bir az uzaq durmalıyıq. Amma eyni zamanda, ciddi problemlər yaradan məsələləri də biz burada vurğulamalı və həll etməliyik.
Növbəti bir məsələ reklam sahəsində özünütənzimləmə ilə bağlıdır. Burada biz yəqin, qeyri-hökumət təşkilatları haqqında düşünə bilərik. Bu baxımdan qeyri-hökumət təşkilatlarının yaranması, idarə olunması ilə bağlı digər qanunlara baxmalıyıq. Səhv etmirəmsə, bizdə reklamları tənzimləyən müvafiq icra orqanları var. Ona görə burada biz də köməklik edə bilərik. QHT haqqında qanunlara və digər qanunlara bir yerdə baxa bilərik. Bir də, burada reklam anlayışında bütün istiqamətlər var, amma xidmət və yaxud servislə bağlı reklamların birgə olması yaxşı olardı. Yəni bunlar bilavasitə mal satmırlar, xidmət göstərirlər. Bu da reklamın bir növü olaraq qeyd olunsa, yaxşı olar. Ümumiyyətlə isə mən düşünürəm ki, reklam sahəsində bir istiqamət üzrə fəaliyyət göstərən dövlət qurumu ola bilər, yaxud yarı dövlət qurumu ola bilər, bu, mütləq şəkildə lazımdır.
Bizdə küçə reklamları, metro reklamları, televiziya reklamları, yəni onların hamısı bütün digər istiqamətlər üzrə fərqlənir. Ona görə vahid bir qurumun, – düzdür, bu bizim səlahiyyətimizdə olan bir məsələ deyil, – amma bir təklif kimi deyə bilərik ki, reklam ilə məşğul olan və yaxud reklamı tənzimləyən bir qurumun olması çox vacibdir. Yəqin ki, bu qanun olandan sonra bizim icra strukturlarımız o haqda düşünərlər və onlar üçün bu qurumu yaratmaq daha rahat olar. Çünki artıq belə bir qanun, demək olar ki, var. Ümumiyyətlə isə düşünürəm ki, bu çox müsbət bir addımdır. Birinci oxunuşla ikinci oxunuş arasında çox böyük fərq var, peşəkar əzm və peşəkar fikir burada görünür. Mən hamıya uğurlar arzu edirəm və bu qanunu, təbii ki, dəstəkləyəcəyəm.