2015-ci il 29 may tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN XIV SESSİYASI İCLASI
29 may 2015-ci il.
F.Muradov. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Sadəcə, təşəkkürümü bildirmək istəyirəm. Mən 10 ilə yaxındır həmin şuranın üzvüyəm. İctimai televiziya yaranan gündən Azərbaycan ictimaiyyəti ona çox böyük dəstək verdi. Mənim sahəm gənclərlə bağlı olduğuna görə bu barədə bir neçə kəlmə demək istərdim. Əslində, həmkarlarıma təşəkkürümü bildirmək istəyirəm ki, qanunvericilikdə müəyyən dəyişikliklər elədik və bu gün televiziya məkanında digərlərindən fərqlənən bir kanal var. Təbii ki, çatışmazlıqlar vardır.
Yayım şurasının üzvü olaraq bildirmək istəyirəm ki, biz hər il hesabat dərc eləyirik. O hesabatda televiziyada gedən neqativ və pozitiv proseslər öz əksini tapır. Azərbaycan məkanında cəmi 2 televiziya birbaşa dövlət büdcəsindən maliyyələşir. Ona görə, təbii olaraq, tələb başqadır. Bütün bunları nəzərə alaraq bildirmək istəyirəm ki, bu gün televiziyada gedən proseslər bəzən bizi narahat edir. Amma bu istiqamətdə islahatlar təkcə bir və ya bir neçə televiziyada başlaya bilməz. Burada ümumi nəzarət mexanizmi gücləndirilməli və ictimaiyyət tərəfindən məsələyə müəyyən münasibət bildirilməlidir.
İctimai televiziya yeganə qurumdur ki, orada ictimaiyyətin nümayəndələri var. Bu gün onların bəziləri buradadır. Biz bu gün onları dəstəkləyəcəyik. Eyni zamanda, həmin ictimai nəzarət qurumunun adını yayım şurasına qoymaq olar. Əvvəldən müəyyən öhdəliklər də qoyulmuşdu, indi biz onu nə dərəcədə həyata keçirmişik, bunu artıq tarix göstərəcək.
Mən fürsətdən istifadə eləyərək İctimai televiziyanın kollektivinə, eyni zamanda, burada iştirak edən Nuşirəvan müəllimə təşəkkürümü bildirmək istəyirəm. Mən bildirmək istəyirəm ki, İctimai televiziyanın modelindən digər televiziyalarda istifadə oluna bilər. Əslində, ictimaiyyəti narahat edən məsələlər bu gün televiziyada öz əksini tapır. Ona görə də burada nəzarət mexanizmini fikirləşmək olar. Amma yayım şurası təkcə nəzarət mexanizmi kimi yaranmamışdı. Əslində, müəyyən istiqamətdə ictimaiyyətin fikirləri orada səsləndirilir.
Mən yeni tərkibə uğurlar arzu eləyirəm. İctimai televiziya ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bir model kimi bir çox ölkələrdə də qəbul olunmuşdur. Eyni zamanda, Avropa Şurasının da burada müəyyən məqsədləri var idi. İnanıram ki, İctimai televiziyanın inkişafı ilə bağlı hər birimiz öz müsbət fikirlərimizi deyəcəyik. Təşəkkür edirəm.
***
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Təbii ki, qanun layihəsini dəstəkləyəcəyik. Sadəcə, bir neçə iclas bundan öncə bu məsələ burada qaldırılmışdı. Bu, şəhərarası nəqliyyat ilə bağlı olan problemlərlə əlaqədardır. Yəni bizim qanunvericilikdə xüsusi avadanlığın quraşdırılması, sürücülərin vaxtlı-vaxtında istirahət eləməsi və sairlə bağlı məsələlər var. Təəssüflər olsun ki, bu günə qədər buna riayət olunmur və əksər hadisələr, xüsusən də şəhərarası nəqliyyatla bağlı hadisələr məhz buna görə baş verir. Mən çox xahiş edərdim ki, bizim bu qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlı müəyyən addımlar atılsın. Yəni bu birbaşa insanın həyatı, fəaliyyəti ilə bağlı olan məsələdir və çox yaxşı olardı ki, biz gələcəkdə bunun üstündə duraq. Eyni zamanda, Bakı şəhərində sərnişindaşıma ilə bağlı problemlər var. İndi burada qeyd olunub ki, avtobuslar xüsusi dayanacaqlarda dayanmalıdır, xüsusi yerlərdə olmalıdır. Amma reallıq onu göstərir ki, bu gün bir çox yerlərdə, xüsusən də mərkəzdə bu çox böyük problemdir. Düzdür, indi biz Avropa Oyunlarına hazırlaşırıq. Müəyyən təmizləmə işləri görmüşük. Amma ümumiyyətlə, bu sahədə mən düşünürəm ki, qanunvericilik təşəbbüskarı olaraq biz bu məsələni gündəmdə saxlamalıyıq, çünki birbaşa hadisələrin əksəriyyəti məhz bundan qaynaqlanır. Təşəkkür edirəm.