Bakıda ikinci milli BMT modeli konfransı keçirilir

Dekabrın 18-də Bakıda ikinci milli BMT modeli konfransı (Milli MUN) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda diplomat qismində 20-dən çox ali təhsil müəssisəsindən və orta məktəbdən 250-dən artıq gənc iştirak edir.

Konfransın açılışında çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, təhsil nazirinin müavini Ceyhun Bayramov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və başqaları ölkəmizdə ikinci dəfə keçirilən bu tədbirin gənclərin inkişafı, onların qlobal müzakirələrdə iştirakı, öz fikirlərini çatdırmaq və mövqelərini əsaslandırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Konfransın gənclərin həm milli, həm də beynəlxalq səviyyədə ölkə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalarına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Qeyd edilib ki, ölkəmizdə BMT modeli hərəkatı Prezident İlham Əliyevin 2014-cü il 19 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış layihə çərçivəsində formalaşıb. Konfrans Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində reallaşdırılır.

Tədbirin və layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT modeli (MUN) hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarının təsis edilməsi və onları birləşdirəcək şəbəkəsinin (Model UN Network) yaradılmasıdır. İndiyədək BMT modeli hərəkatının genişlənməsi istiqamətində bir sıra işlər görülüb – ali təhsil müəssisələrində BMT modeli haqqında təqdimatlar keçirilib, MUN klubları yaradılıb, universitet səviyyəsində və universitetlərarası konfranslar təşkil edilib. Sosial media şəbəkələri və kütləvi informasiya vasitələrində müvafiq təbliğat işi aparılıb. Bütün iştirakçılar seçim, müsahibə və təlim mərhələlərindən keçiblər. Həmçinin BMT modeli hərəkatının dəstəklənməsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına daxil edilib.

Diqqətə çatdırılıb ki, konfrans çərçivəsində BMT-nin üç komitəsinin işi simulyasiya ediləcək.

Konfransda “BMT Təhlükəsizlik Şurası – Myanmadakı vəziyyət”, “Dünya Bankı – Kriptoməzənnənin statusu: perspektivlər və risklər” və “Dünya Səhiyyə Təşkilatı – iqlim dəyişikliyinin insan sağlamlığına təsiri” mövzuları müzakirə ediləcək.

Azərbaycanın ali təhsil müəssisələrindən gənclərin iştirak etdikləri müzakirələrdə komitənin “Ən yaxşı nümayəndə”, “Ən yaxşı nümayəndə heyəti”, “Ən yaxşı mövqe sənədi” və “Ən yaxşı debatçısı” seçiləcək, qaliblərə təşkilatçılar tərəfindən xüsusi sertifikatlar təqdim ediləcək.

Sonra konfransla bağlı “BMT modeli” adlı videoçarx nümayiş etdirilib.

Dekabrın 21-də başa çatacaq konfrans panel iclaslarla işini davam etdirib.

Qeyd edək ki, BMT modeli gənclərə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və təşkilatın digər qurumlarının işinin real həyatda simulyasiyasıdır. Bu modeldə gənclər təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparır və seçilən mövzu üzrə mövcud problemləri həll etmək üçün tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, qətnamə qəbul etməyə çalışırlar. BMT modeli iştirakçılara öz şəxsi və iş bacarıqlarını artırmağa imkan verən bir vasitədir. BMT modeli ilə məşğul olan zaman gənclər öz xarici dil, danışıq, təqdimat, əməkdaşlıq, rəsmi yazı və ünsiyyət bacarıqlarını inkişaf etdirir, BMT-yə daxil olan qurumlar və ölkələr haqqında, həmçinin müzakirə edilən mövzular barədə biliklərini təkmilləşdirirlər.