Fuad Muradov gəncləri Milli Məclisə TOPLADI

Noyabrın 2-də “Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə  ADA Universitetində “Mənim Parlamentim – My Parliament” layihəsinin icrasına başlanılıb.

Modern.az-ın xəbərinə görə“Mənim Parlamentim” layihəsinin məqsədi gəncləri Azərbaycan Milli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək, onların maarifləndirilməsinə töhfə verməkdir.

Daimi xarakter daşıyan bu layihə çərçivəsində gənclərin Milli Məclisin üzvləri və komitə sədrləri ilə görüşləri də nəzərdə tutulub.

Layihənin ikinci qonağı Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri və eyni zamanda Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri cənab Fuad Muradov olub.

Millət vəkili Fuad Muradov görüş üçün müraciət edən Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin üzvlərindən ibarət 30 nəfərlik heyətini görüş üçün dekabrın 13-də Milli Məclisə dəvət edib.

Yarandığı 7 il ərzində İlk dəfə olaraq Milli Məclisdə olan və orada görüş keçirən təşkilatın üzvlərinə Milli Məclisdə ekskursiya təşkil edilib. Gənclər Heydər Əliyev xatirə zalı, Plenar iclas zalı və digər görüş zalları ilə tanış edilərək onlara geniş məlumat verilib.

Dəyirmi masada keçən maraqlı və interaktiv görüşdə cənab Muradov Milli Məclisin, Gənclər və İdman komitəsinin fəaliyyəti ilə bağlı gənclərə geniş məlumat verib.

Komitə sədri, eyni zamanda, Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin gələcək fəaliyyəti ilə əlaqədar fikirlərini və tövsiyələrini qonaqların diqqətinə çatdırmış və gənclərin suallarını cavablandırıb.

O, eyni zamanda Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri kimi, Azərbaycan nümayəndə heyəti ilə Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyi arasında sıx əməkdaşlıq qurmağı və təşkilat üzvlərinin qonaq qismində Avropa Parlamentində keçirilən Avronest PA iclaslarında  iştiraka dəvət edib

Qeyd edək ki, “Avropa Gənclər Parlamenti” Avropanın 41 ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis edilib.

Təşkilat özündə vətənpərvər, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır.