Fuad Muradov: “Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın uğurudur”

“Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsinə seçilməsi Azərbaycanın uğurudur. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın uğurudur. Bu həmçinin Azərbaycan gəncliyinin və idmanının nailiyyəti olmaqla yanaşı, ölkəmizin inkişafının göstəricisi, respublikamızda uğurlu idman siyasətinə verilən qiymətdir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun UEG-in prezidenti seçilməsinə münasibət bildirərkən deyib.

Müxtəlif ölkələrin gimnastika federasiyalarının rəhbərlərinin Fərid Qayıbov və Azərbaycanda gimnastikanın inkişafı ilə bağlı yüksək fikirlərinin qürurverici olduğunu vurğulayan komitə sədri bildirib: “Azərbaycan Gimnastika Federasiyası öz fəaliyyətini sürətlə genişləndirərək mühüm uğurlar qazanır. Bu uğurların əsasında Federasiyanın prezidenti Mehriban xanım Əliyevanın müdrik rəhbərliyi dayanır. Azərbaycan Gimnastika Federasiyası uğurlu fəaliyyətinə görə təkcə ölkəmizdə deyil, dünyada nümunə kimi göstərilir. Bu, bizi sevindirir, qürurlandırır. Bu sahədə əldə edilən uğurlarda Fərid Qayıbovun da əməyi var. Yeni vəzifəyə seçilməsi münasibətilə Fərid Qayıbovu, eləcə də idman ictimaiyyətimizi, gimnastlarımızı Milli Məclisin gənclər və idman komitəsi adından təbrik edirəm”.