2016-ci il 5 aprel tarixli iclasın stenoqramı

F.Muradov: Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, burada həmkarlarım vurğuladılar, mən də gənclər adından qələbə bayramı ilə hamınızı təbrik etmək istəyirəm.
Həqiqətən də, Azərbaycan ordusu Ali Baş Komandanın tapşırığını yüksək səviyyədə həyata keçirib. Təsəvvür edin, Ziyafət müəllim, ermənilər post qururlar ki, hərbiçilər oradan qaçmasınlar. Biz isə post qururuq ki, könüllülərimizin qarşısını alaq, çünki onlar  cəbhəyə getmək istəyirlər. Bu baxımdan Azərbaycan gəncləri arasında çox böyük sevgi və coşqu var. Mən inanıram ki, bu istiqamətdə Ali Baş Komandanımızın hər bir əmri bizim üçün əsas istiqamət olaraq qalır və bundan sonra da bu istiqamətdə hər şey edəcəyik.
Bu gün biz hörmətli ombudsmanımızın hesabatını dinlədik. Həmişə olduğu kimi, geniş mənada bütün sahələri əhatə etmişdi. Təbii ki, bu institutun yaranması, onun həyata keçirdiyi işlər çox müsbətdir və Elmira xanımın yaratdığı ombudsman institutunun fəaliyyəti göz qabağındadır. Mən Elmira xanıma təşəkkür edirəm ki, bu istiqamətdə çox ciddi işlər həyata keçirib. Elmira xanımın və ombudsman institutunun, ümumiyyətlə, beynəlxalq çərçivədə də böyük nüfuzu var. Ona görə bundan istifadə edərək, mən Elmira xanımdan xahiş edərdim ki, öz nüfuzundan istifadə etsin.
Bizim sakinlərimizin qırılmasında, xüsusən də azyaşlı uşaqların qırılmasında bilavasitə iştirak edən Serj Sarkisyan və onun ətrafında olan o insanlar  ki hərbi cinayətə bulaşıblar, onlarla bağlı beynəlxalq ombudsman şəbəkəsinə müraciət olunsun, çünki bu çox vacib məsələlərdən biridir. Siz bilirsiniz ki, bu yaxınlarda Radovan Karadzic hərbi məhkəmənin qarşısına çıxdı və həbs cəzasına məhkum olundu. Yəni artıq dünyada hərbi cinayətlərin ədalət məhkəməsinə çıxma prosesi başlayıb. Orada bir nömrəli namizəd  Serj Sarkisyandır. Bu baxımdan Elmira xanım, mən Sizdən çox xahiş edirəm ki, öz nüfuzunuzdan istifadə edərək beynəlxalq ombudsman şəbəkəsinə müraciət edəsiniz. Eyni zamanda, Sizin bu fəaliyyət illərində insan haqları ilə məşğul olan həm beynəlxalq təşkilatlarla, həm də müxtəlif institutlarla bir çox şəxsi əlaqələriniz var. Çox yaxşı olardı ki, – biz də bunu  dəstəkləyirik, – Siz bu istiqamətdə köməklik göstərəsiniz.
Hörmətli millət vəkilləri, son zamanlar bizim ordumuzun qazandığı qələbə ilə yanaşı, eyni zamanda, guya bəzi  sülhpərəst  insanlarımız var, onlar müraciət yayırlar ki, bəs bizə sülh lazımdır və sair. Təbii ki, sülh lazımdır, biz hamımız sülh istəyirik, amma bizim evimizə gəlib,  başımıza top atırlar və biz burada da deyək ki, atmaqda davam edin? Yəni bu, təbii ki, qəbulolunmazdır və bir qrup insan var, bunlar istifadə edib, siyasi dividend qazanmaq istəyirlər. Misal üçün, bu yaxınlarda cənab Prezidentin humanist addımı oldu, bir çox guya hüquq müdafiəçisi azadlığa buraxıldı və beynəlxalq tribunalarda, müxtəlif beynəlxalq nəşrlərdə bunlar palaz-palaz müraciətlər etdilər. Amma son 3 gündə mən o hüquq müdafiəçilərindən birinin də Ermənistanla bağlı, təcavüzlə bağlı nə isə dediyini eşitmədim. Əgər sizdə belə imkanlar varsa, siz beynəlxalq mətbuata çıxa bilirsinizsə, niyə o tribunadan istifadə edib demirsiniz ki, bizim dinc sakinlərimiz həlak olurlar. Ermənistanın təcavüzünün qarşısının alınması üçün heç olmasa, orada bir dənə söz deyin. Xeyir, onlar o tribunadan, sadəcə olaraq, öz şəxsi, siyasi maraqlarına görə istifadə edirlər.
Bəlkə indi bu söhbətin yeri deyil, amma məsələlər sakitləşəndən sonra biz mütləq şəkildə bunu müzakirə etməliyik ki, bu insanlar kimə işləyir, bunların hansı məqsədləri var? Sosial şəbəkələrdə, bayaq Bahar xanım, Siz çox düzgün vurğuladınız, müsbət  işlər də görülüb. Yəni sosial şəbəkələrdə  bizim gənclərimizin fəaliyyəti bir çox istiqamətdə fərqlənir. Ona görə mən çox istərdim ki,  nə bilim özlərini siyasi elm xadimi,  hüquq müdafiəçisi adlandıranlar indiki məqamda müxtəlif mətbuat orqanlarında  olan  dostlarından  istifadə etsinlər. Biz də, cəmiyyət də bunu gözləyirik.
Dünən biz Təbriz qardaşımızın, həmin helikopteri sürən bir pilotumuzun yas mərasimində iştirak edirdik. Üç dəfə həmin nöqtəyə gedib qayıdıb. Ona deyiblər ki, gəl, bir tikə çörək ye, deyib yox, mən  işimi görüm, sonra yeyərəm. Üçüncü dəfə, təəssüflər olsun ki, qayıda bilməyib. Eyni zamanda, biz indi bilirik ki, ermənilərin dostları olan beynəlxalq qurumlar həm cənab Prezidentlə bağlı, həm də ölkəmizlə bağlı  qarayaxma kampaniyasına əl atacaqlar. Ona görə biz ayıq olmalıyıq, dərhal onlara cavab verməliyik. Yəni biz heç nədən çəkinmirik, Azərbaycan xalqı, Azərbaycan gəncləri hər zaman cənab Prezidentin yanındadırlar  və biz bu istiqamətdə  dayanmadan işləməliyik. Diqqətinizə görə təşəkkür edirəm.