2016-ci il 23 fevral tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN III SESSİYASI İCLASI
23 fevral 2016-cı il.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, büdcə bizdə tam əminlik yaradır ki, hökumətin proqramı da var, bu istiqamətdə siyasəti də. Sadəcə olaraq, bizim ümumi bir problemimiz var, o da onun təqdimat məsələsidir. Həyata keçirilən islahatlar göz qabağındadır, cənab Prezidentin tapşırığı ilə çox ciddi bir konsepsiya hazırlanır. Bu işlər gedir, sadəcə olaraq, ola bilsin ki, ictimaiyyətə düzgün çatdırılmır və bəzən də heç çatdırılmır.
Ziyafət müəllim, mən də Sizinlə razıyam ki, Azərbaycanda bərbad vəziyyət yoxdur və bu sahədə intensiv işlər görülür. Bu gün büdcəni müzakirə edirik. Bu elə onun sübutudur ki, hökumətin planı var və biz ona uyğun olaraq təcili şəkildə yeni büdcəyə baxırıq. Ona görə düşünürəm ki, danışanda bir az diqqətli olmalıyıq və çalışmalıyıq ki, konkret təkliflərimizi irəli sürək. Yəni büdcə Milli Məclisin iclasına çıxarılıb, gəlin, təkliflərimizi irəli sürək.
Bərbad vəziyyət Venesuelada, digər ölkələrdədir, ora baxmaq lazımdır. Bu gün Azərbaycanda ərzaq qıtlığı yoxdur. Bütün istiqamətlərdə hökumətin planı icra olunur. İndi icra mexanizmi bizi tam qane etməsə də, bu proses gedir. Ona görə biz burada konkret təkliflər verməliyik.
Mənim Samir müəllimə sualım var. Bayaq Musa müəllim də bu məsələyə toxundu, uzun müddətdir ki, ƏDV ilə bağlı müzakirələr aparırıq. Mən istərdim ki, biz bunu iki mərhələyə bölək. Birinci mərhələ odur ki, əgər tibbi avadanlıqlardan söhbət gedirsə, onların ƏDV-dən azad olunması lazım deyil. Yəni tibbi avadanlığın istifadəsi xəstəxana, özəl şirkətlər tərəfindən həyata keçirilir. Onların ƏDV-dən azad olunması mənə elə gəlir ki, bizə ziyan olar. Amma sərf olunan materiallar və dərmanlarla bağlı dünyada praktika var. Yəni onlar ya ƏDV-dən azad olunmalıdır, ya da aşağı salınmalıdır. Eyni zamanda, bu xərclər xəstələrin üzərinə düşür. Ona görə biz bunu nəzərə almalıyıq.
Təbii ki, icbari sığorta tam işləsə, bu məsələ də aradan qalxar. Amma bu gün tibbi avadanlığın ƏDV-dən azad olunmasına heç bir ehtiyac yoxdur. Mən bilirəm ki, yeni büdcədə bu nəzərdə tutulur və çox düzgün addımdır. Ona görə Samir müəllimdən xahiş edərdim ki, bu məsələyə bir də baxılsın. Biz hansı istiqamətdə gedirik? ƏDV-dən tam, yoxsa digər ölkələrin təcrübəsindən istifadə edərək müəyyən qədər azadolma?
Növbəti deyəcəyim məsələ, insanların dövlət qurumlarından işdən çıxarılması ilə bağlıdır. Bu, zəncirvari bir prosesdir. Əgər dövlət qurumunda çalışan fəhlə işdən çıxarılırsa, deməli, o nə vergi ödəyir, nə də dövlətin iqtisadi siyasətinə kömək edir. O, işsiz qalır. Həm də sosial narazılıq yaranır. Ona görə mən düşünürəm ki, dövlət qurumlarına ciddi tapşırıq verilməlidir ki, fəhləyə, orta sinfə, – ümumiyyətlə, orada heç böyük maaşlar da yoxdur, – xüsusi diqqətlə yanaşılsın. Təbii ki, yeni iş yerlərinin açılması prioritet məsələdir. Mən də bununla razıyam ki, kənd təsərrüfatı sahəsində bizim yaxşı imkanlarımız var, amma ondan tam istifadə olunmur. İndi bunun səbəblərini yəqin ki, hökumət üzvləri, ölkə başçımız da bilir. Mənə elə gəlir ki, bu istiqamətdə də ciddi addımlar atılacaq.
Mən müsbət məsələdən danışmaq istəyirəm. Bilirəm ki, ipotekaya yanaşma dəyişib, bura daha çox məbləğ ayrılıb. Cənab Prezident bununla bağlı xüsusi fikrini də bildirdi. Samir müəllimin diqqətinə çatdırmaq istəyirəm ki, tikinti sektorunun inkişafı müəyyən mərhələdə büdcəyə kömək edə bilər. Dövlətin bu sahə ilə bağlı geniş imkanları var. Yer, torpaq var, ora investisiya cəlb etmək üçün yaxşı imkanlar mövcuddur. Biz, təbii ki, hökumətin hesabatında buna yenə də qayıdacağıq və mən çox istərdim ki, bununla bağlı müəyyən bir prioritet məsələ seçilsin.
Sonuncu deyəcəyim məsələ sosial yardımla bağlıdır. Açığı, bugünkü sosial yardım sistemi, mənə elə gəlir ki, bizə uyğun deyil. Biz onu daha da mükəmməlləşdirməliyik. Sadəcə olaraq, insana hər ay 40, 50, 100 manat pul vermək məsələnin həlli deyil. Bu, eyni zamanda, büdcəyə də əlavə xərcdir. Bunun digər yolları düşünülməlidir ki, insanlar o maliyyəni müəyyən işə, xüsusən də kənd təsərrüfatı istiqamətinə yönəldə bilsinlər. Mən büdcəni dəstəkləyəcəyəm, hökumətə təşəkkürümü bildirirəm. Sağ olun.