2016-ci il 19 yanvar tarixli iclasın stenoqramı

2016-ci il 19 yanvar tarixli iclasın stenoqramı
BEŞİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN NÖVBƏDƏNKƏNAR II SESSİYASI İCLASI
19 yanvar 2016-cı il.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Bu gün biz burada çox ciddi və ölkə üçün vacib məsələlərə görə toplaşmışıq. Təbii ki, bu istiqamətdə həyata keçirilən islahatlar hər bir azərbaycanlı üçün çox vacibdir. Cənab Prezident tərəfindən həyata keçirilən bu islahatlar  ilk növbədə biz insanlar üçün düşünülüb və biz də təşəkkür edirik ki, bu sənədlər belə çevik şəkildə Milli Məclisə  daxil olub  və biz də öz fikrimizi demək, bunu müzakirə etmək imkanı əldə etmişik. Hörmətli millət vəkilləri, son zamanlar iqtisadi məsələlərlə bağlı bir çox fikirlər səsləndi. Onların da əsasında bu fikir dururdu ki, Azərbaycanın bəlkə gücü yoxdur, Azərbaycan hansısa çətinliklərlə üzləşə bilər. Amma cənab Prezidentin son vaxtlar həyata keçirdiyi çox ciddi islahatlar bir daha  göstərdi ki,  Azərbaycanın gücü də var, potensialı da var. Azərbaycan xalqı  bunu da çox yaxşı qəbul edir ki, biz  bütün istiqamətlərdə paralel islahatlar  aparırıq. Eyni zamanda, iqtisadi sahədə də cənab Prezidentin çox dəqiq  planları, proqramları var. Həmçinin banklarla bağlı məsələ də gündəmə gəlmişdir. Təbii, biz gözləyirdik ki, iqtisadi blokdan olan dövlət nümayəndələri bu məsələlərlə bağlı ictimaiyyətə daha çox məlumat verəcəklər. Mən başa düşürəm, yəqin, o zamanlar onlar bu islahatları hazırlayırdılar. Ona görə nəticə olaraq təqdim eləmək üçün bu qədər vaxt keçdi və bu istiqamətdə bir şeyi mütləq şəkildə nəzərdən keçirməliyik.
Belə böhranlı vəziyyət bütün dünyada var. 2008-ci ildə dünyada böhran olanda Azərbaycanın düzgün siyasəti nəticəsində  xalqımız bu böhranı hiss eləmədi. Amma böyük ölkələr, Avropa ölkələri, xüsusən də bu istiqamətdə fəaliyyət göstərən neft ölkələrinin hamısı bunu hiss eləmişdi. Azərbaycan isə bu təsirdən yan keçmişdi, bu da ilk növbədə cənab Prezidentin islahatları nəticəsində olmuşdu. Bunu açıq şəkildə bildirməliyik ki, uzun müddətdir, biz bu böhran vəziyyətinin olmaması üçün bütün addımları həyata keçirmişik və bu istiqamətdə işlər davam edir. Eyni zamanda, banklarla bağlı demək istəyirəm ki, Azərbaycanda bankların sayı sürətlə artmışdı və son nəticədə də insanlar öz pullarını banklara etibar edir, eyni zamanda, digər əməliyyatlarını da banklarla həyata keçirirdilər. Ona görə bank sistemində olan narazılıqlar məhz bununla bağlı idi ki,  cəmi 30 minə qədər əmanətlər sığortalanırdı. Bu gün isə sığortalanma fondunun fəaliyyəti nəticəsində biz inanırıq ki, insanlar daha böyük etibarla banklara gedəcəklər və bütün fəaliyyətlərini, işlərini məhz banklar vasitəsilə həyata keçirəcəklər. Bu çox mütərəqqi bir yanaşmadır, mən inanıram ki, ciddi şəkildə dəyişikliklər olacaqdır. Eyni zamanda, 10 faiz depozit vergisi yuxarı idi, bu da təbii ki, əgər məbləğ böyük olurdusa, insanlara çox təsir edirdi. Ümumiyyətlə, digər ölkələrdə bu faiz aşağı səviyyədə idi. Amma bizdə müəyyən səbəblərə görə bu faiz yuxarı idi. Amma bu faizin ləğv edilməsi konkret olaraq insanlarda banklara etibar hissini artıracaq, banklarda digər yanaşmaların həyata keçirilməsinə də imkan verəcək.
Əsas məsələlər deyildi, mən, sadəcə olaraq, bir neçə istiqaməti xüsusi vurğulamaq istəyirəm. Mərkəzi Bankın, iqtisadi blokun nümayəndələri buradadırlar. İndiki dövrdə banklara eyni yanaşma olmalıdır. Mərkəzi Bank bütün banklara eyni yanaşsın, necə ki, buna qədər yanaşıb. Həmin banklarda olan vəziyyətlə bağlı qeyd edim ki, elə banklar var, onların vəziyyəti, həqiqətən də, ağırdır. O banklarda problemlər varsa, bunu mütləq şəkildə ictimaiyyətə bildirmək lazımdır ki, insanlar o banklarda problemlərin olduğunu bilsinlər. Yoxsa heç bir məlumat verilmədən bu işlər həyata keçirilir. İnsanlar arasında da çaşbaşlıq yaranır. Təbii ki, bunu qəsdən  ajiotaj yaradaraq eləyən qruplar var.
Hörmətli millət vəkilləri, bildirmək istəyirəm ki, sosial şəbəkələrdə xüsusi olaraq öyrədilmiş adamlar da var. Heç bir ciddi problem olmadan məsələni gündəmə elə qoyurlar ki, guya bizdə ərzaq qıtlığı var, banklarda ciddi problemlər mövcuddur, banklar bağlanıb və sair. Ona görə məlumatlandırmaq çox vacibdir, bu, insanların banka, bu sistemə etibarı deməkdir. Ona görə xahiş edirəm, həm İqtisadiyyat Nazirliyinin, həm də Mərkəzi Bankın nümayəndələri buradadırlar, mütəmadi olaraq ictimaiyyətə xəbər versinlər ki, hansı bankda hansı problemlər var. Hansı bankda likvidliklə bağlı və digər məsələlərlə bağlı problem var. Bu çox vacib məsələdir və mən bunu xahiş edirəm.
Eyni zamanda, təklif olunan qanunda ciddi məsələlər var. Yaxşı olardı ki, bizim ekspertlər bu  Məclisdən sonra həm televiziyada, həm də kütləvi informasiya vasitələrində bu pozitiv addımlardan danışsınlar. Bu addımlar dövlətin gücünü, dövlətə inamın dərəcəsini göstərir. Ona görə də cənab Prezident bu islahatlara başlayanda, xüsusi olaraq onu vurğulamışdı ki, bu, kompleks olan məsələlərdir. Burada tək vergi, gömrük, bank sistemi deyil. Burada kompleks yanaşma var. Ona görə də bizim iqtisadçılarımız ciddi olaraq bunu təbliğ eləməlidirlər. İnsanlar bunu bilməlidirlər ki, dövlət əsas riskləri öz üzərinə götürüb. Çox nadir hallarda bütün sığorta məbləği 100 faiz həyata keçirilir. Amma Azərbaycan buna gedir. Burada 3 il ərzində nəzərdə tutulub. Mənim də sualım ondan ibarətdir ki, bu müddət necə müəyyənləşir? Niyə görə 3 il, 5 il, 10 il?  Təbii ki, sığorta fonduna da artıq dövlət zəmanət verib. Ona görə də orada  şəffaflığın təmin olunması çox vacib məsələlərdən biridir. Mən inanıram ki, Mərkəzi Bank və digər qurumlar bu şəffaflığın təmin olunmasında maksimal tədbirlər həyata keçirirlər.
Ümumiyyətlə, vurğulamaq istəyirəm ki, bu islahatlar davam edəcək. Cənab Prezident son müşavirəsində xüsusi vurğulamışdı ki, biz sahibkarları dəstəkləməli, yeni investisiyaların özəlləşdirmə proseslərinin həyata keçirilməsinə çalışmalıyıq. Yəni bizim üçün əsas məsələlərdən biri odur ki, ölkəyə investisiya gəlsin. Ölkədə  yeni iş yerləri açılmalıdır. Ona görə bizim sahibkarlara da müraciət edirəm ki, bu istiqamətdə cənab Prezidentin çağırışına dəstək, yerli istehsalın inkişafına kömək olsunlar.  Dövlət də öz tərəfindən bu istiqamətdə maksimal şərait yaradacaq, bütün əngəllər aradan qaldırılacaq. Çünki bu artıq bizim  Azərbaycanımızın yeni inkişaf mərhələsidir. Ola bilsin ki, dünyada bu böhranlar müəyyən nəticədə başqa cür təsir eləyir, amma mən inanıram ki, bizim ölkəyə iqtisadi məsələlər müsbət təsir edəcək. Yerli istehsalın sahibkarlıq mühitinin yaxşılaşdırılması, eyni zamanda,  mənə elə gəlir ki, humanitar siyasətlə ciddi islahatlar həyata keçirərək böyük nailiyyətlər əldə edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.