2015-ci il 29 dekabr tarixli iclasın stenoqramı

BEŞİNCİ  ÇAĞIRIŞ AZƏRBAYCAN  RESPUBLİKASI MİLLİ  MƏCLİSİNİN I  SESSİYASI  İCLASI
29 dekabr 2015-ci il.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, mən də burada səslənən təbriklərə qoşuluram, hamınıza yeni ildə uğurlar arzu edirəm. Mən də bu dəyişiklikləri dəstəkləyirəm, sadəcə olaraq, bir neçə məsələyə toxunmaq istəyirəm.
Oqtay müəllim, bu yaxınlarda bir neçə böyük dövlət qurumu, məsələn, “Azəriqaz” Səhmdar Cəmiyyəti ixtisarlara başlayıb. Təbii ki, biz bunu başa düşürük, optimallaşma, müəyyən istiqamətə dəyişmə var. Amma bunun adını belə qoyurlar ki, iş həcmi azalır, insanların müəyyən problemləri olur və bu baxımdan optimallaşdırırıq. Yeni iş yerləri nəinki açılmır, əksinə, mövcud iş yerləri də ixtisara düşür. Təbii ki, müəyyən iqtisadi qanunlar var, buna uyğun gedir, amma məsələ nədən ibarətdir?
Məsələn, Səbail rayonunda çilingər vəzifəsində işləyənə attestasiya zamanı deyilir ki, siz neçə ildir işləmisiniz, artıq çilingər vəzifəsinə uyğun deyilsiniz. Çilingərin bu attestasiyaya, ümumiyyətlə, təkmilləşdirilməyə ehtiyacı yoxdur axı. Mən çox xahiş edərdim ki, müvafiq dövlət qurumları Əmək Məcəlləsinin ciddi şəkildə pozulmasına diqqət versinlər. Yəni belə bir zamanda biz fəhlə sinfinə daha çox dəstək olmalıyıq.
Mən çalışdım ki, müəyyən diplomatik vasitələrlə bu məsələnin məntiqinə gəlib çıxa bilim. Yəni nəyə çilingər vəzifəsində çalışan, çox da böyük maaş almayan bir şəxs belə hallarla üzləşir? Mən gördüm ki, bir çox istiqamətlərdə də belə problemlər mövcuddur. Mən Əli müəllimə də bu məsələ ilə bağlı müraciət edəcəyəm. Biz Əmək Məcəlləsinin nöqtə və vergülünə kimi tətbiqinə çox ciddi nəzarət edirik. Yəni indiki məqamda biz bu insanlara daha böyük dəstək olmalıyıq.
Mən dəyişiklikləri dəstəkləyəcəyəm və xahişim ondan ibarətdir ki, dövlət qurumlarının nümayəndələri bu məsələyə diqqətlə yanaşsınlar. Hamımız çalışmalıyıq ki, fəhlə sinfimiz, bu istiqamətdə çalışan insanlar dünyada baş verən iqtisadi böhranı hissi etməsinlər. Diqqətinizə görə təşəkkür edirəm.