2015-ci il 18 dekabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN I SESSİYASI İCLASI
18 dekabr 2015-ci il.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bu çox vacib və ciddi bir məsələdir. Burada bizim həmkarlarımız bəzi məsələlərə toxundular, mən də bir neçə məqama xüsusi diqqət yetirmək istərdim. Düzdür, burada sual qoyuldu ki, qanunun geriyə qüvvəsi yoxdur və sair. Bu qanun necə işləyəcək? Amma Azərbaycan qanunvericiliyində mövcud təcrübə var. Bu da ondan ibarətdir ki, əgər vaxtilə həmin hasarların, evlərin tikilməsi zamanı hansısa nöqsanlar olubsa, vətəndaşlar və yerli icra hakimiyyəti orqanları bunu araşdıra bilərlər. Mən sizi əmin edirəm ki, o tikintilər zamanı çox böyük nöqsanlar olub. Düzdür, qanunun geriyə mexanizmi yoxdur. Amma mən düşünürəm ki, bu mexanizmi düşünmək olar. Bu çox ciddi bir məsələdir, Ziyafət müəllim. Bizim gənclərimiz asudə vaxtlarını, əsasən, yay aylarında dəniz sahilində keçirirlər və bu bizim gənclərimizin gündəlik həyatına çox böyük təsir göstərir. Əgər kimsə bu yerlərdə özünün istifadəsi üçün nə isə tikibsə, halal xoşu olsun, orada xoşbəxt olsun. Amma buna baxmayaraq, bu məsələləri biz mütləq şəkildə qanunla tənzimləməliyik. Mənə elə gəlir ki, bizim müvafiq komitələrimiz bu məsələyə baxa bilər və şərait yaradılmalıdır ki, insanlar bundan istifadə eləsinlər.
Növbəti bir məsələ burada deyildi, yəni Fazil müəllim də bunu qeyd elədi. Nəqliyyatla bağlı yanaşma, ümumiyyətlə, fərqli olmalıdır. Nəqliyyatın dəniz kənarına yaxınlaşması müasir qanunvericiliklərdə qadağan olunmalıdır. Ona görə burada müəyyən mexanizm fikirləşməliyik. Biz görürük ki, yay aylarında bütün nəqliyyat vasitələri, demək olar ki, dəniz kənarındadır. Digər ölkələrdə belə bir məsələ yoxdur. Müəyyən dayanacaqlar tikilir, maşınlar həmin dayanacaqlarda saxlanılır və insanlar dəniz kənarına piyada gedirlər. Burada belə bir fikir söyləndi ki, yol geniş olsun və oraya nəqliyyat vasitələri getsin. Mən bununla qətiyyən razı deyiləm. Buna mütləq şəkildə xüsusi yanaşma olmalıdır.
Eyni zamanda, Torpaq Məcəlləsinin 46-cı maddəsində də dəyişiklik olub. Hörmətli həmkarlarıma bildirmək istəyirəm ki, bizə xüsusən rayonlardan yay və qış otlaqları ilə bağlı dəfələrlə müraciətlər olur, insanlar çox böyük əziyyət çəkirlər. Mən bilmirəm, bugünkü reallıqda buna yerli icra qurumları cavab verməlidir, yoxsa Kənd Təsərrüfatı Nazirliyi. Yəni bir çox məsələlərdə müəyyən məhdudlaşmalar var ki, Eldar müəllim bunu, yəqin, bizdən də yaxşı bilir, insanlar yay və qış otlaqlarının istifadəsində çox böyük əziyyət çəkirlər və mən çox istərdim ki, bu, bundan sonra baxacağımız İnzibati Xətalar Məcəlləsində də öz əksini tapsın. Yəni hər hansı bir səbəbə görə yay və qış otlaqlarının zəbti, onlardan o istiqamətdə istifadə olunmaması ilə bağlı cərimələr sərt olmalı və qanunvericilikdə öz əksini tapmalıdır. Bu, kənd təsərrüfatının inkişafı üçün əsas məsələlərdən biridir.
Bu gün ən böyük problemlərdən biri məhz qış və yay otlaqlarından istifadə olunmaması və yaxud da onlardan istifadədə müəyyən qadağaların tətbiq edilməsidir. Əslində, bu qanun dəyişikliyi zəruridir və biz buna çox ciddi baxmalıyıq. Bu gün bütün dünyada iqtisadi böhran gedir və çıxış yolu kənd təsərrüfatının inkişafıdır. Bizim əksər rayonlarımızda da maldarlıq və digər kənd təsərrüfatı istiqamətləri inkişaf edir. Onun üçün də bizə müraciətlər var, biz də həmin müraciətləri müvafiq dövlət orqanlarına göndərmişik. Amma mən istərdim, qanunvericilik orqanı kimi biz bu məsələyə bir az ciddi yanaşaq, onu gündəmə gətirək və müvafiq olaraq qanun qəbul eləyək. Ona görə mən, təbii ki, bu qanuna səs verəcəyəm. Amma çox xahiş edərdim ki, biz burada bu mexanizmi düşünək. Çox sağ olun.
***
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Təbii ki, bu çox vacib qanundur. Eldar müəllimi təbrik edirəm, çox əziyyət çəkib, komitə də, ekspertlər də, mütəxəssislər də əziyyət çəkiblər. Uzun müddət müzakirə olunan və gözlənilən bir qanundur. Mən, sadəcə olaraq, bir neçə məsələyə toxunmaq istəyirəm. Bu qanunun birinci oxunuşunun predmeti olduğuna görə, təbii ki, qanunun icrası, onun növbəti addımları da çox vacibdir. Burada 3-cü fəsil “Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyi” adlanır. Bu fəslin 9.1.3-cü maddəsində kənd  təsərrüfatı  məhsullarının  istehsalı, emalı, satışı,  maddi-texniki təchizat və digər xidmət sahələri üzrə kooperasiya infrastrukturlarının formalaşmasına təkan vermək dövlətin vəzifəsi kimi göstərilir. Yəni burada bilavasitə dövlətə vəzifə qoyulub ki,  bütün prosesə sıfırdan satışa qədər köməklik göstərsin.
Siz bilirsiniz ki, kənd təsərrüfatı ilə bağlı Azərbaycanda çox mühüm işlər görülür. Cənab Prezident tərəfindən bu ilin kənd təsərrüfatı ili elan olunması təsadüfi deyildi. Dünyada böhranla bağlı olan məsələ, eyni zamanda, ölkədə bu istiqamətə yeni bir yanaşma olmalı idi. Çox təəssüf edirəm ki, biz hələ istədiyimiz nailiyyətləri əldə edə bilməmişik. Müvafiq icra qurumları tez-tez bildirirlər ki, hansısa kənd təsərrüfatı malının satılması bizim işimiz deyil. O birbaşa fermerin işidir, kənd təsərrüfatı ilə məşğul olan insanın işidir.
Amma mənim fikrimcə, məhz müvafiq icra qurumları, xüsusən də Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə bir nömrəli köməkçi olmalıdır. Yəni məhsulun bazara çıxarılmasına elə Kənd Təsərrüfatı Nazirliyi kömək eləməlidir. Dövlət tərəfindən başqa kim kömək eləyə bilər? Ona görə, burada, 3-cü fəsildə bunu daha da gücləndirmək olardı, Eldar müəllim buna baxsın. Yəni təkan vermək deyil, bilavasitə həmin sahibkarın, fermerin, kənd təsərrüfatı ilə məşğul olan müəssisənin malının satılmasına köməklik göstərmək lazımdır. Yəni bu gün bir nömrəli problem onun satışıdır. Bu gün məhsuldarlıq var, insanlar torpaqda işləyirlər, amma məhsulun realizə olunmasında çox böyük problemlər var. Ona görə mən düşünürəm ki, – bayaq burada çox düzgün vurğulandı, Siyavuş müəllim də onu dedi, – bu istiqamətdə tamamilə yeni yanaşma lazımdır. Əslində, bu yanaşma gözlənilən idi və biz bunu gözləyirdik. Cənab Prezident tərəfindən atılan bu çox müdrik addım qoy bu istiqamətdə ciddi bir irəliləyiş olmalıdır. Yəni, sadəcə olaraq, fermerlərə, kənd təsərrüfatında çalışanlara subsidiyalar, aqrolizinq tərəfindən avadanlıqlar verilməsi məsələnin həlli deyil.
Bu istiqamətdə çox böyük uğurlar var. Amma təəssüflər olsun ki, bu gün fermer öz malını bazara çıxara bilmir. Ola bilsin, onun da günahı var, bəlkə ümumi siyasəti düz deyil. Amma dövlət, mənə elə gəlir, xüsusən də bu istiqamətlə məşğul olan dövlət qurumları buna kömək eləməlidirlər. Təbii ki, 2-ci oxunuşa biz təkliflərimizi verəcəyik. Mən yenə də təşəkkürümü bildirmək istəyirəm, bu çox vacib qanunlardan biridir. Hər kəsə bəllidir ki, neft sənayesindən sonra ikinci və bəlkə də ən vacib istiqamət məhz kənd təsərrüfatıdır. Həmkarlarımı da bu qanuna səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkürümü bildirirəm.